Google və YouTube-un sahibi olan Amerikanın texnologiya nəhəngi Alphabet şirkəti bir ticarət günü ərzində təxminən 477 milyard dollar bazar kapitallaşmasını itirib. Bu, şirkətin tarixində bir gündə qeydə alınan ən böyük dəyər itkisi olub.
29 oktyabr tarixli birja ticarətinin nəticələrinə əsasən, Alphabet-in bazar kapitallaşması 3,936 trilyon dollardan 3,459 trilyon dollara düşüb. Şirkətin səhmləri 12,07% ucuzlaşaraq 283,04 dollara enib.
Kəskin ucuzlaşma şirkətin 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlamasından sonra baş verib. İnvestorları Google-un axtarış reklamlarından əldə etdiyi gəlirlərin artım tempinin zəifləməsi, süni intellektin inkişafına çəkilən xərclərin artması və bu investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqlar təşvişə salıb.
YouTube-un reklam gəlirləri ilə bağlı göstəricilərin də analitiklərin gözləntilərindən aşağı olması səhmlərə əlavə təzyiq göstərib.
Ekspertlər bildirirlər ki, investorlar texnologiya nəhənglərinin süni intellektə yatırdıqları böyük vəsaitləri real gəlirə çevirmək imkanlarını getdikcə daha diqqətlə qiymətləndirirlər.