Azərbaycan filmi “Oriondan sevgilərlə” Finlandiyada keçirilən Saimaa Beynəlxalq Film Festivalında “Ən yaxşı vizual konsepsiya” mükafatına layiq görülüb.

Filmin rejissoru və prodüseri Rafiq Hacıyev, ssenari müəllifləri isə Rafiq Hacıyev və Kənan Yusifovdur. Ekran işi ROG VFX STUDIO tərəfindən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə istehsal olunub.

Film 15 il əvvəl qızını itirən çoban Akifin hekayəsindən bəhs edir. Qızının yadplanetli sivilizasiyalar tərəfindən aparıldığına inanan Akif fizika və astronomiyanı öyrənərək illərlə kosmosa siqnallar göndərir və cavab almağa ümid edir.

Film 11–16 avqust tarixlərində Finlandiyada keçirilən festivalın rəsmi proqramına daxil edilib.