Azərbaycan və Qazaxıstan Asiya ilə Avropa arasında rəqəmsal məlumat mübadiləsi üçün yeni imkanlar yaradan Transxəzər fiber-optik rabitə xəttini rəsmi olaraq istifadəyə verib.

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə layihənin açılış mərasimi keçirilib. Dövlət başçıları onlayn formatda yeni telekommunikasiya infrastrukturunun fəaliyyətinə start veriblər.

Xəzər dənizinin dibi ilə Sumqayıt və Qazaxıstanın Aktau şəhərləri arasında təxminən 380 kilometr uzunluğunda fiber-optik kabel çəkilib. Xəttin ötürmə qabiliyyəti saniyədə 400 terabitdən çoxdur. Bu isə beynəlxalq səviyyədə böyük həcmdə məlumatın sürətli ötürülməsinə imkan yaradır.

Layihə “Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində Azərbaycanın AzerTelecom şirkəti ilə Qazaxıstanın “Kazakhtelecom” operatorunun əməkdaşlığı əsasında həyata keçirilib.

Yeni rabitə xətti Çin və Mərkəzi Asiya ölkələrini Azərbaycan, Qazaxıstan və Gürcüstan vasitəsilə Avropa bazarları ilə birləşdirən əlavə rəqəmsal marşrut formalaşdırır. Bu marşrut Türkiyə və ya Qara dəniz üzərindən Avropaya çıxış imkanlarını genişləndirir.

Layihənin beynəlxalq rabitənin dayanıqlığını artıracağı, məlumat mübadiləsini sürətləndirəcəyi və yüksək texnologiyalar sahəsinə yeni investisiyaların cəlb olunmasına şərait yaradacağı gözlənilir.

Yeni infrastruktur bulud texnologiyalarının, məlumat emalı mərkəzlərinin və süni intellekt sahəsinin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.

Transxəzər fiber-optik rabitə xəttinin istifadəyə verilməsi Azərbaycanın Şərqlə Qərb arasında mühüm rəqəmsal mərkəz kimi mövqeyini gücləndirir və Orta Dəhlizin nəqliyyat imkanlarını müasir telekommunikasiya infrastrukturu ilə tamamlayır.