Sentyabrın 25-də Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu — AIIF 2026 öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə keçirilən tədbir iki gün — 25 və 26 sentyabr tarixlərində davam edəcək.
Forum beynəlxalq investorları, dövlət qurumlarının və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələrini, iri şirkətlərin rəhbərlərini və müxtəlif sahələr üzrə ekspertləri bir araya gətirib.
AIIF 2026-nın əsas mövzusu “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal qarşılıqlı əlaqə və investisiya sabitliyinin dayağı kimi” müəyyən edilib.
Forum çərçivəsində Azərbaycanın investisiya imkanları, Orta Dəhlizin inkişafı, energetika və “yaşıl” keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye, azad iqtisadi zonalar, kənd təsərrüfatı, turizm və maliyyə əməkdaşlığı əsas müzakirə mövzuları sırasındadır.
Xüsusi diqqət regionlar arasında iqtisadi əlaqələrin gücləndirilməsinə və konkret investisiya layihələrinin həyata keçirilməsinə yönəldilib. İştirakçılar həmçinin dünya iqtisadiyyatında baş verən dəyişiklikləri, yeni nəqliyyat və enerji marşrutlarını, eləcə də Azərbaycanın Avropa ilə Asiya arasında əlaqələndirici rolunun artmasını müzakirə edirlər.
Forum çərçivəsində Azərbaycan qurumları ilə xarici şirkətlər və tərəfdaşlar arasında bir sıra əməkdaşlıq sənədlərinin imzalanması və mübadiləsi nəzərdə tutulur.
İlk Azərbaycan Beynəlxalq İnvestisiya Forumu 2025-ci ildə keçirilib. İqtisadiyyat Nazirliyinin məlumatına görə, həmin forumda ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb. Bu məbləğin 7 milyard dollardan çoxu qeyri-neft sektorunun payına düşüb.