Çinli mühəndislər 116 ədəd TH-618 sualtı dronunun eyni vaxtda avtonom fəaliyyətini təşkil edərək yeni dünya rekordu müəyyənləşdiriblər. Nailiyyət Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi olaraq təsdiqlənib.
Sınaq Çinin Şimal-Qərb Politexnik Universitetinin komandası və “Xian Tianhe Maritime Technologies” şirkəti tərəfindən həyata keçirilib. Aparatlar suya buraxıldıqdan sonra insan müdaxiləsi olmadan qrup şəklində hərəkət edərək əvvəlcədən müəyyən edilmiş marşrutu izləyiblər.
Sualtı dronlar 34 dəqiqə ərzində 500 metrdən çox məsafə qət ediblər. Onlar real vaxt rejimində naviqasiya və ətraf mühiti müəyyənləşdirən sistemlərdən istifadə ediblər. Əsas çətinliklərdən biri su altında adi peyk naviqasiyasının və sabit radioəlaqənin əlçatan olmaması olub.
Mütəxəssislərin fikrincə, bu cür texnologiyalar gələcəkdə sualtı mühitin avtonom şəkildə araşdırılması və çoxsaylı pilotsuz aparatların koordinasiyalı fəaliyyəti üçün yeni imkanlar yarada bilər.