İstanbulda Azərbaycan incəsənətinə, eləcə də Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərlərinə həsr olunmuş mədəniyyət gecəsi keçirilib.

Tədbir Səfaköy Mədəniyyət və İncəsənət Mərkəzində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun dəstəyi ilə təşkil olunub. Proqram Türkiyədə keçirilən “Azərbaycan İncəsənəti Həftəsi” çərçivəsində baş tutub.

Gecədə qonaqlara musiqi və rəqs nömrələri təqdim edilib. Səhnədə azərbaycanlı ifaçılar İlhamə Qasımova və İlkin Dövlətov, həmçinin “Zəngəzur” xalq rəqs ansamblı çıxış edib.

Tədbir çərçivəsində müasir rəssamların əsərlərindən ibarət sərgi də təşkil olunub. Sərgidə Azərbaycan təsviri sənətinin müxtəlif istiqamətlərini əks etdirən əsərlər nümayiş etdirilib.

Mədəni proqram Azərbaycan incəsənətinin Türkiyədə tanıdılması və iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından növbəti mühüm tədbirlərdən biri olub.