2026-cı il sentyabrın 25-i Qazaxıstanda Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması ilə əlaqədar ümummilli matəm günü elan edilib. Müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Faciə sentyabrın 24-də Manqistau vilayətində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı baş verib. Təlim-döyüş tapşırığının icrası zamanı hava şəraitinin qəfil pisləşdiyi və güclü küləyin başladığı bildirilir.

Dəqiqləşdirilmiş məlumatlara əsasən, 17 hərbçi suya düşüb. Onlardan 12-si həlak olub, üç nəfər xilas edilib, daha iki nəfərin axtarışları davam etdirilir. Xilas edilən hərbçilərdən biri xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəb və şəraitinin araşdırılması üçün hökumət komissiyası yaradılıb. Faktla bağlı cinayət işi başlanıb, idarələrarası əməliyyat-istintaq qrupu formalaşdırılıb və müvafiq ekspertizalar təyin edilib.

Prezident Kasım-Jomart Tokayev həlak olan hərbçilərin ailələrinə və yaxınlarına başsağlığı verib, onların ailələrinə lazımi yardımın göstərilməsi barədə tapşırıq verib.

Ümummilli matəmlə əlaqədar Aktau şəhərində sentyabrın 25–27-nə planlaşdırılan bir sıra bayram tədbirləri ləğv edilib.