Rusiyanın Sverdlovsk vilayətində yük qatarı ilə bağlı qəza baş verib. Qatarın 20 vaqonu relsdən çıxıb, hadisədən sonra yeddi sistern yanmağa başlayıb. Qəza oktyabrın 26-na keçən gecə Yekaterinburq yaxınlığında, Makartsevo və Sedelnikovo stansiyaları arasındakı dəmir yolu sahəsində qeydə alınıb.
Regional Fövqəladə Hallar İdarəsinin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğınsöndürənlər alovu lokallaşdıraraq açıq yanmanı söndürüblər. Əraziyə yüzlərlə mütəxəssis və onlarla texnika cəlb olunub.
Qəza səbəbindən dəmir yolu sahəsində hərəkət müvəqqəti dayandırılıb. Bərpa işləri aparan briqadalar yanğından zərər görməyən vaqonları təhlükəsiz məsafəyə çəkiblər.
Mütəxəssislər hadisə bölgəsində mümkün çirklənmə riskini müəyyənləşdirmək üçün havanın keyfiyyətini də yoxlayırlar. Qatarın relsdən çıxmasının səbəbləri araşdırılır.