Ankarada keçiriləcək “Kültür Yolu” Festivalının açılışı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunacaq. Tədbir Azərbaycan Mədəniyyət Mərkəzi ilə Ankara Dövlət Opera və Balet Baş İdarəsinin birgə layihəsi çərçivəsində təşkil edilir.

Festival çərçivəsində 19 sentyabrda CSO Ada Ankara Ana Salonunda “İki Devlet – Bir Sahne: Kardeş Ezgiler” adlı konsert proqramı təqdim olunacaq.

Konsertdə Ankara Dövlət Opera Orkestri və TRT Birləşmiş Xoru iştirak edəcək. Proqrama Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlov rəhbərlik edəcək. Azərbaycan və Türkiyənin tanınmış opera sənətçiləri də səhnəyə çıxacaqlar.

Konsert proqramında Üzeyir Hacıbəylinin ölməz əsərləri ilə yanaşı, Azərbaycan və Türkiyə bəstəkarlarının seçilmiş əsərləri də səsləndiriləcək.

Tədbirin əsas məqsədlərindən biri Azərbaycan və Türkiyənin zəngin musiqi irsini, ortaq mədəni dəyərlərini və iki ölkə arasındakı mədəni əlaqələri geniş auditoriyaya təqdim etməkdir.