Bakıda Azərbaycan və Pakistandan 60-dan çox qadın sahibkarı, dövlət qurumlarının, biznes dairələrinin və tərəfdaş təşkilatların nümayəndələrini bir araya gətirən SHE RISES Baku 2026 beynəlxalq konfransı keçirilib.

INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində təşkil olunan tədbir iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni imkanlarının müzakirəsi üçün mühüm platformaya çevrilib.

Konfrans zamanı qadın sahibkarlığının inkişafı, süni intellektin tətbiqi, rəqəmsal transformasiya və texnologiya sektorunda qadınların imkanlarının genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Tədbirin əsas nəticələrindən biri FEMMES DIGITALES – Supporting Women in TECH, SheMatters Pakistan və Azerbaijan Business Women təşkilatları arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması olub.

Sənəd tərəfdaşlıq əlaqələrinin gücləndirilməsini, biznes və innovativ texnologiyalar sahəsində fəaliyyət göstərən qadınlar üçün əlavə imkanların yaradılmasını nəzərdə tutur.

Təşkilatçılar beynəlxalq təcrübə mübadiləsinin, peşəkar əlaqələrin inkişafının və yeni sahibkarlıq təşəbbüsləri üçün əlverişli mühitin formalaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Konfrans Azərbaycan və Pakistanın işgüzar dairələrinin, xüsusilə rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinə marağını nümayiş etdirib.