Sentyabrın 1-dən Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracı ilə məşğul olan sahibkarlar üçün yeni dövlət dəstəyi mexanizmi qüvvəyə minib.

Yeni qaydalara əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən nəqliyyat xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanacaq.

Dəstəyin məbləği məhsulun növü, gömrük dəyəri, ixrac olunduğu ölkə və istifadə edilən nəqliyyat vasitəsindən asılı olaraq hesablanacaq.

Dəmir yolu, hava və dəniz nəqliyyatı, eləcə də Azərbaycanda qeydiyyatdan keçmiş avtomobillərlə daşınma zamanı ödənilmiş nəqliyyat xərclərinin 70 faizi nəzərə alınacaq. Xarici ölkədə qeydiyyatdan keçmiş avtomobillərdən istifadə edildikdə isə bu göstərici 50 faiz təşkil edir. Yekun dəstək məbləğinin hesablanmasında fərmanda müəyyən edilmiş əlavə limitlər də tətbiq olunur.

Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilən xərclərin də 70 faizi dövlət tərəfindən ödəniləcək.

Bundan başqa, mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün qeyri-neft-qaz məhsullarının ixracı zamanı gömrük rəsmiləşdirilməsi ilə bağlı müəyyən xərclərin kompensasiyası nəzərdə tutulub.

Yeni mexanizmin əsas məqsədi sahibkarların logistika xərclərini azaltmaq, Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini artırmaq və ölkənin qeyri-neft ixracının coğrafiyasını genişləndirməkdir.

Daşıma xərclərinə dövlət dəstəyi 1 sentyabr 2026-cı ildən qüvvəyə minib və uzunmüddətli dövr üçün nəzərdə tutulub