Azərbaycanın Xocavənd rayonunda “Azıx–Tağlar” Dövlət Tarix-Arxeologiya Qoruğu yaradılıb. Bununla bağlı müvafiq sərəncamı oktyabrın 21-də Prezident İlham Əliyev imzalayıb.

Yeni qoruq qədim tarix və mədəni irs baxımından mühüm əhəmiyyət daşıyan Azıx və Tağlar mağaralarının ərazilərini əhatə edir.

Qoruğun yaradılmasında əsas məqsəd bu arxeoloji abidələrin qorunması, bərpası, elmi cəhətdən öyrənilməsi və Azərbaycanın tarixi irsinin ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılmasıdır.

Nazirlər Kabinetinə üç ay müddətində qoruğun əsasnaməsini təsdiq etmək, sərhədlərini və mühafizə zonasını müəyyənləşdirmək, eləcə də ərazidə xüsusi mühafizə rejimini tətbiq etmək tapşırılıb.

Yeni qoruğun idarə olunmasını Azərbaycanın Mədəniyyət Nazirliyi həyata keçirəcək.

Mənbə: Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı — president.az