Bakıda paytaxtın və Abşeron yarımadasının artan elektrik enerjisi tələbatının ödənilməsi məqsədilə yeni iri enerji mərkəzinin tikintisi davam etdirilir.

Pirşağı və Novxanı qəsəbələrinin sərhədində “AzərEnerji” tərəfindən ümumi ötürmə gücü 750 meqavolt-amper olan yeni 220/110/10 kilovoltluq yarımstansiya inşa edilir.

Layihə Bakının 2040-cı ilədək Baş Planı, Sea Breeze layihəsinin genişləndirilməsi, eləcə də paytaxt və Abşeron yarımadasında elektrik enerjisinə tələbatın gələcək artımı nəzərə alınmaqla həyata keçirilir.

Yeni “Sea Breeze” yarımstansiyası 5,8 hektar ərazidə tikilir. İnşaat işlərinin əhəmiyyətli hissəsi artıq yerinə yetirilib. İlkin mərhələdə ərazidə genişmiqyaslı torpaq işləri aparılıb və sahənin qurudulması həyata keçirilib. Yağış və qrunt sularının toplanmasının qarşısını almaq üçün xüsusi drenaj və kollektor sistemləri də yaradılıb.

Eyni zamanda, 220 kilovoltluq yeraltı kabel xətlərinin çəkilişi aparılır. Bu xətlərin ümumi uzunluğu 17,5 kilometr təşkil edəcək. Yeni kabel xətləri yarımstansiyanın ölkənin ümumi enerji sisteminə inteqrasiyasını təmin edəcək.

Obyektin tikintisinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Yeni yarımstansiya istismara verildikdən sonra Bakının 220 kilovoltluq dairəvi elektrik təchizatı sxemi daha da genişləndiriləcək. Bunun elektrik enerjisi axınlarının daha səmərəli bölüşdürülməsinə və istehlakçıların enerji təchizatının etibarlılığının artırılmasına imkan verəcəyi gözlənilir.

Yarımstansiyanın 110 kilovoltluq elektrik şəbəkələri ilə inteqrasiyası mövcud yarımstansiyaların yükünün azaldılmasına, həmçinin Bakı və Abşeron yarımadasının elektrik təchizatının dayanıqlığının yüksəldilməsinə xidmət edəcək.

Yeni enerji mərkəzi gələcəkdə yaşayış, turizm və biznes layihələrinin əlavə elektrik enerjisi ilə təmin olunmasına imkan yaradacaq və paytaxtın enerji infrastrukturunun inkişafında mühüm rol oynayacaq.

SC Media | 7 sentyabr 2026