Bakıda məşhur aktyor və döyüş sənəti ustası Ceki Çanın baş rolda çəkildiyi beynəlxalq macəra filmi “Tanrının zirehi: Ultimatum” (Armour of God: Ultimatum) filminin çəkilişləri davam edir.
Azərbaycanın paytaxtı filmin çəkiliş məkanlarından biri kimi seçilib. Süjet Xəzər dənizi ətrafında baş verən hadisələrlə bağlıdır. Filmin bir sıra mühüm səhnələrinin Bakının müxtəlif məkanlarında çəkilməsi nəzərdə tutulur.
Ceki Çan yenidən məşhur macəraçı Asiya Şahini obrazını canlandırır. Bu dəfə onun qəhrəmanı 20 milyon dollardan çox mükafat vəd edilən qədim Tumar artefaktının axtarışına çıxır.
Bu çəkilişlər Ceki Çan üçün də xüsusi əhəmiyyət daşıyır. Məşhur aktyor ilk dəfə Azərbaycanda film çəkilişlərində iştirak edir.
Filmin istehsalında beynəlxalq yaradıcı heyət çalışır. Azərbaycandakı çəkiliş prosesinə müxtəlif kino sahələri üzrə 100-dən çox yerli mütəxəssis cəlb olunub. Çəkilişlərə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi təşkilati dəstək göstərir.
“Tanrının zirehi: Ultimatum” məşhur macəra franşizasının dördüncü filmi olacaq. Çəkilişlərin 2026-cı ilin payızına qədər davam edəcəyi, filmin premyerasının isə 2027-ci ildə keçirilməsinin planlaşdırıldığı bildirilir.
Mənbə: Azərbaycan Respublikasının Kino Agentliyi / APA