2026-cı ilin ilk altı ayı ərzində elektron dövlət satınalmalarının həyata keçirilməsi nəticəsində Azərbaycan dövlət büdcəsinə 294,3 milyon manat vəsaitə qənaət edilib.
Hesabat dövründə ümumi dəyəri təxminən 1,7 milyard manat olan 3 500-ə yaxın elektron satınalma proseduru keçirilib. Qənaət edilən vəsait satınalmaların ehtimal olunan qiymətinin 14,7 faizini təşkil edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyevin sözlərinə görə, dövlət satınalmalarının rəqəmsal transformasiyası sahəsində müsbət dinamika davam edir. Elektron satınalmaların genişləndirilməsi dövlət vəsaitlərindən daha səmərəli istifadəyə, rəqabətin artırılmasına və sahibkarların dövlət sifarişlərinə çıxış imkanlarının genişlənməsinə şərait yaradır.