Azərbaycanın “Ritm” rəqs qrupu Fransanın Montuar şəhərində keçirilən beynəlxalq folklor festivalında ölkəmizi təmsil edir.

Müxtəlif ölkələrdən folklor kollektivlərini bir araya gətirən festivalın əsas məqsədi xalqların milli musiqi və rəqs ənənələrini tanıtmaq, mədəniyyətlərarası əlaqələri və dostluq münasibətlərini gücləndirməkdir.

Azərbaycanlı rəqqaslar festival çərçivəsində milli rəqslərimizi, musiqimizi və ənənəvi geyimlərimizi beynəlxalq auditoriyaya təqdim edirlər. “Ritm” qrupu bundan əvvəl də Türkiyə, ABŞ, Çin, Almaniya, İsveçrə və digər ölkələrdə Azərbaycan mədəniyyətini təmsil edib.

2011-ci ildə yaradılan kollektivin əsas məqsədlərindən biri Azərbaycan milli rəqslərinin ölkə daxilində və beynəlxalq səviyyədə təbliğidir.

Montuarda keçirilən festival 16 avqusta qədər davam edəcək.