Azərbaycanın U-15 yaşadək futbolçulardan ibarət yığması ölkəmizdə keçirilən FIFA U-15 Dünya Çempionatında üçüncü qələbəsini qazanıb. Famil Xəlilovun rəhbərlik etdiyi komanda İsrail yığmasını 3:1 hesabı ilə məğlub edib.

Azərbaycan millisinin heyətində Yusif Əlizadə 4-cü və 6-cı dəqiqələrdə dubl edib. Qafar Babayev isə 16-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasının üçüncü qolunu vurub. İsrail yığması görüşdə bir dəfə fərqlənə bilib.

Bu qələbədən sonra Azərbaycan millisinin xallarının sayı 9-a çatıb. Komandanın növbəti rəqibi Haiti yığması olacaq. Qarşılaşmanın oktyabrın 26-da, saat 18:15-də keçirilməsi planlaşdırılıb. Bu oyun qrupdakı yekun sıralamanın müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.

FIFA U-15 Dünya Çempionatı dünyanın müxtəlif ölkələrinin yeniyetmə yığmalarının iştirakı ilə keçirilir və oktyabrın 30-da başa çatacaq.