Oktyabrın 14-nə keçən gecə Azərbaycanın dövlət informasiya infrastrukturu genişmiqyaslı kiberhücuma məruz qalıb. Hadisə nəticəsində bir sıra rəsmi internet resurslarının fəaliyyətində müvəqqəti fasilələr yaranıb.

Dövlət Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətinin məlumatına görə, şübhəli kiberaktivlik oktyabrın 13-də, təxminən saat 22:00 radələrində qeydə alınıb.

Rəsmi məlumata əsasən, hücumun arxasında xarici haker qruplaşması dayanıb. Kiberhücumun hədəfində 100-dən çox dövlət domeni olub.

Hadisə nəticəsində bəzi dövlət qurumlarının internet resurslarının fəaliyyətində müvəqqəti texniki problemlər müşahidə edilib. Mütəxəssislər tərəfindən operativ tədbirlər görülərək hücumun təsirinin məhdudlaşdırılması və saytların fəaliyyətinin davam etdirilməsi istiqamətində müvafiq işlər həyata keçirilib.

Baş vermiş hadisə ilə əlaqədar dövlət qurumlarına informasiya sistemlərinin mühafizəsini gücləndirmək, şəbəkə infrastrukturuna nəzarəti artırmaq və məsul mütəxəssislərin mümkün yeni kiberinsidentlərə hazırlığını təmin etmək tövsiyə olunub.

Hazırda kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Mümkün məlumat sızması və kiberhücumu həyata keçirən şəxslərin konkret məqsədləri barədə hələlik əlavə rəsmi məlumat açıqlanmayıb.