Bakının Səbail rayonunda baş vermiş qeyri-adi oğurluq hadisəsinin təfərrüatları məlum olub. Çantası oğurlanan qadın əşyalarını geri almaq üçün oğurluq edən şəxsə 50 manat göndərib.
Məlumata görə, 1992-ci il təvəllüdlü şəxs Səbail rayonu ərazisində yerləşən “Gloria Jeans” mağazasında müştəri kimi əyləşən qadının çantasını oğurlayıb.
Çantanın içərisində BMW markalı avtomobilin açarı, mobil telefon, sənədlər və 5 manat pul olub.
Oğurluqdan sonra həmin şəxs çantadakı 5 manatla özünə dönər alıb. Daha sonra zərərçəkmiş qadın öz telefonuna zəng edərək əşyalarının qaytarılmasını tələb edib və bunun müqabilində 50 manat ödəməyi təklif edib.
Qadın razılaşmaya əsasən pulu həmin şəxsin bank kartına köçürüb. Oğurluq edən şəxs isə çantanı metronun “Qara Qarayev” stansiyası yaxınlığındakı dönər köşkünün yanında qoyacağını bildirib.
Göstərilən ünvana gedən qadın çantasını tapsa da, mobil telefonunun və pulunun yerində olmadığını müəyyən edib. Araşdırma zamanı telefonun 300 manata satıldığı məlum olub.
Zərərçəkmiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.
İşə Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin azadlığı 2 il 2 ay müddətinə məhdudlaşdırılıb.
SCMEDIA.AZ