Bakı Ekspo Mərkəzində VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi — ADEX-2026 keçirilir. Tədbir sentyabrın 30-da başlayıb və oktyabrın 2-dək davam edəcək.

ADEX və paralel keçirilən Securex Caspian sərgisində 29 ölkədən 270-dən çox şirkətin iştirakı nəzərdə tutulub. Beynəlxalq iştirakçılar aviasiya, pilotsuz sistemlər, radioelektronika, C4ISR, hərbi texnika və müdafiə sənayesinin digər sahələrində müasir həllərini nümayiş etdirirlər.

Sərgidə milli müdafiə sənayesinə də xüsusi diqqət ayrılıb. Pavilyonlardan biri Azərbaycanın dövlət qurumları və yerli şirkətlərinin müdafiə sahəsindəki məhsul və imkanlarının nümayişinə həsr olunub. Tədbirdə beynəlxalq nümayəndə heyətləri və aparıcı müdafiə sənayesi müəssisələrinin təmsilçiləri də iştirak edirlər.

ADEX-2026 çərçivəsində ikitərəfli görüşlərin, ekspert sessiyalarının, eləcə də pilotsuz texnologiyalar, rabitənin mühafizəsi, rəqəmsal həllər və müasir müdafiə sənayesinin digər istiqamətləri üzrə müzakirələrin keçirilməsi nəzərdə tutulur.