Wizz Air aviaşirkəti Azərbaycanın paytaxtı Bakı ilə Slovakiyanın paytaxtı Bratislava arasında yeni birbaşa hava əlaqəsinə başlayıb. Bratislavadan Bakıya ilk uçuş 28 oktyabr 2026-cı ildə həyata keçirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumatına görə, yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə — çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Bakıdan Bratislavaya birbaşa uçuşun müddəti təxminən 4 saat 30 dəqiqə təşkil edəcək. Yeni marşrut büdcəli aviaşirkətlərin xidmətlərindən istifadə edən sərnişinlər üçün əlavə imkanlar yaradacaq, Cənubi Qafqazla Mərkəzi Avropa arasında səfərləri asanlaşdıracaq.

Bratislava həmçinin regiona səyahət edənlər üçün əlverişli məntəqə hesab olunur. Slovakiyanın paytaxtı Vyanadan təxminən 65 kilometr məsafədə yerləşir.

Yeni aviareysin açılması turizm və işgüzar əlaqələrin inkişafına, eləcə də Azərbaycandan birbaşa uçuşların coğrafiyasının genişlənməsinə xidmət edəcək.