Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Görüşün sonunda tərəflər arasında yeni əməkdaşlıq sazişi imzalanıb. Sənəd mədəniyyət, təhsil, elm və mədəni irsin qorunması sahələrində birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində mədəni irsin qorunması və idarə olunması sahəsində ən yaxşı təcrübələrin təşviqinə yönələn Natəvan Mədəni İrs Mükafatının növbəti təqdimatının keçirilməsi planlaşdırılır.
Həmçinin Qərbi Afrikada “Mədəniyyət və inkişaf vasitəsilə sülh” adlı regional layihənin həyata keçirilməsi nəzərdə tutulur. Layihə Toqo, Burkina-Faso, Niger, Benin və Kot-d’İvuarı əhatə edəcək. Əsas məqsəd mədəniyyətlərarası dialoqu gücləndirmək, mədəni irsi qorumaq, eləcə də gənclərin və qadınların imkanlarını genişləndirməkdir.
Tərəflər İslam dünyasında süni intellekt indeksinin hazırlanması istiqamətində əməkdaşlığın davam etdirilməsini də müzakirə ediblər. Bu indeks 2025-ci ildə Bakıda təqdim olunub və gələcəkdə bu sahədə nazirlər səviyyəsində görüşün keçirilməsi planlaşdırılır.
Yeni saziş beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və mədəni-humanitar əlaqələrin gücləndirilməsinə xidmət edəcək.