Kəlbəcər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.

Hadisə Kəlbəcər–İstisu avtomobil yolunun Kəlbəcər şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, 1967-ci il təvəllüdlü Bilal Nuriyev KIA markalı avtomobili idarə edərkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı divara çırpılıb.

59 yaşlı sürücü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Avtomobildə olan həyat yoldaşı, 1975-ci il təvəllüdlü Əminə Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri və digər təfərrüatlar dəqiqləşdirilir.