“Azərbaycan Hava Yolları” (AZAL) aviaparkının yenilənməsini davam etdirərək yeni nəsil Airbus A321neo təyyarəsini qəbul edib. Yeni təyyarənin istismara verilməsi ilə aviaşirkətin donanmasındakı hava gəmilərinin ümumi sayı 31-ə çatıb.
Yeni layner AZAL-ın donanmasındakı ikinci Airbus A321neo və 2026-cı ilin əvvəlindən aviaşirkətin qəbul etdiyi beşinci yeni təyyarədir. Təyyarə müasir Airspace salonu, əyləncə sistemi və yüksəksürətli Wi-Fi ilə təchiz olunub.
A321neo yüksək yanacaq səmərəliliyi ilə seçilir. Əvvəlki nəsil təyyarələrlə müqayisədə hər sərnişin yerinə düşən yanacaq sərfiyyatı və karbon emissiyalarının təxminən 20 faiz azalması nəzərdə tutulur.
Donanmanın yenilənməsi AZAL-ın uzunmüddətli inkişaf proqramının bir hissəsidir. Aviaşirkət 2032-ci ilədək təyyarə parkını 50 hava gəmisinə çatdırmağı, eyni zamanda marşrut şəbəkəsini genişləndirməyi və sərnişinlərə xidmət keyfiyyətini artırmağı planlaşdırır.