Azərbaycan məhsulları Minskdə keçirilən INNOPROM.Belarus beynəlxalq sənaye sərgisində nümayiş olunur. Milli ekspozisiya vahid Made in Azerbaijan brendi altında təşkil edilib.

İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə sərgidə səkkiz Azərbaycan şirkəti öz məhsullarını təqdim edir. Ziyarətçilərə tikinti materialları, boyalar, qoruyucu iş ayaqqabıları, su filtrləri, tikinti kimyası və yerli istehsal olan digər məhsullar nümayiş etdirilir.

Sərgi çərçivəsində azərbaycanlı sahibkarlar xarici tərəfdaşlarla görüşlər keçirirlər. Tərəflər əməkdaşlıq imkanlarını, işgüzar əlaqələrin genişləndirilməsini və yerli məhsulların yeni ixrac bazarlarına çıxarılması perspektivlərini müzakirə edirlər.

Minskdə keçirilən beynəlxalq sənaye sərgisi oktyabrın 2-dək davam edəcək.