Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası bu gün — 1 sentyabrda Türkiyə yığması ilə qarşılaşacaq.

CEV Trendyol 2026 Qadınlar arasında Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək qarşılaşma İstanbul şəhərindəki Sinan Erdem İdman Sarayında baş tutacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya komandaları ilə mübarizə aparıb. Yığmamız beş qarşılaşmanın üçündə qələbə qazanaraq C qrupunu üçüncü pillədə tamamlayıb və 1/8 finala vəsiqə əldə edib.

Türkiyə yığması isə A qrupunu ikinci pillədə başa vurub. Komanda Sloveniya, Latviya, Macarıstan və Almaniya üzərində qələbə qazanıb, son qarşılaşmada isə Polşaya 2:3 hesabı ilə məğlub olub.

Azərbaycan–Türkiyə qarşılaşmasının qalibi Avropa çempionatının 1/4 finalına yüksələcək. Növbəti mərhələdə qalib Belçika–Almaniya cütünün güclüsü ilə qarşılaşacaq.