Azərbaycanda sosial şəbəkələr və digər rəqəmsal platformalar vasitəsilə gəlir əldə edən şəxslər üçün ayrıca fəaliyyət növü müəyyən edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, uçot məlumat bazasında fəaliyyət növlərinin təsnifatına “Rəqəmsal platforma təsirçisi” adlı yeni fəaliyyət növü əlavə olunub. Yeni fəaliyyət kodu 6312003-dür.
Bu kateqoriya sosial şəbəkələr və digər rəqəmsal platformalar vasitəsilə reklam, marketinq, məhsul və xidmətlərin təşviqi, məzmun istehsalı, canlı yayımlar və müxtəlif əməkdaşlıq layihələrindən gəlir əldə edən şəxslərin fəaliyyətini əhatə edir.
Dəyişikliyin məqsədi bloger və influenserlərin fəaliyyətinin daha dəqiq və şəffaf şəkildə rəsmiləşdirilməsi, onların iqtisadi fəaliyyətinin ayrıca uçota alınması və bu sahə üzrə statistik məlumatların daha dolğun formalaşdırılmasıdır.
Dövlət Vergi Xidməti bu sahədə çalışan vergi ödəyicilərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirməyi və qeydiyyat zamanı yeni fəaliyyət kodunu seçməyi tövsiyə edir.