Sentyabrın 5-dən oktyabrın 5-dək Azərbaycan ərazisində “Diqqət, uşaqlar!” devizi altında yol hərəkəti təhlükəsizliyi aylığı keçiriləcək.

Baş Dövlət Yol Polisi İdarəsi uşaqların və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirləri gücləndirəcək.

Xüsusi diqqət məktəblərin yerləşdiyi ərazilərə və şagirdlərin gündəlik istifadə etdiyi yollara yönəldiləcək. Yol nişanlarının, nişanlanma xətlərinin və digər təhlükəsizlik vasitələrinin vəziyyəti yoxlanılacaq. Zərurət yarandığı halda çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək.

Həmçinin təhsil müəssisələri, valideynlər və ictimaiyyət nümayəndələri ilə birlikdə maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri məktəblərin yaxınlığında xüsusilə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməyə və uşaqlar üçün təhlükəsiz davranış nümunəsi göstərməyə çağırır.