Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 30-u axşam saatlarından sentyabrın 1-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır. Bəzi dağ çaylarında qısamüddətli sel keçməsi ehtimalı da var.

FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb. Sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmaq, təhlükə yarandığı halda isə dərhal yaxınlıqdakı yüksək və təhlükəsiz əraziyə qalxmaq tövsiyə edilir. Güclü külək zamanı hündür ağacların, elektrik dirəklərinin, reklam lövhələrinin və yüngül konstruksiyaların yaxınlığında dayanmamaq məsləhət görülür.

Bakı və Abşeron yarımadasında avqustun 30-da havanın dəyişkən buludlu olacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru ayrı-ayrı ərazilərdə qısamüddətli leysan və şimşək ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gündüz 27–29 dərəcə isti olacağı proqnozlaşdırılır.

FHN təhlükə zamanı vətəndaşlara 112 qaynar xəttinə müraciət etməyi tövsiyə edir.

Mənbə: Fövqəladə Hallar Nazirliyi — rəsmi məlumat