Azərbaycanın paytaxtı 2027-ci ildə bədii gimnastika üzrə ən mötəbər beynəlxalq yarışlardan birinə — dünya çempionatına ev sahibliyi edəcək.

Bakı 2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatını qəbul edəcək. Çempionatın estafetinin ötürülməsi çərçivəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bayrağı Azərbaycan tərəfinə təqdim olunub.

Dünya çempionatının Bakıda keçirilməsi dünyanın müxtəlif ölkələrindən aparıcı gimnastları və çoxsaylı idmansevərləri yenidən Azərbaycan paytaxtında bir araya gətirəcək.

Bakı gimnastika üzrə irimiqyaslı beynəlxalq yarışların təşkilində zəngin təcrübəyə malikdir. Milli Gimnastika Arenası indiyədək bir sıra nüfuzlu dünya və Avropa səviyyəli turnirlərə ev sahibliyi edib.

2027-ci ildə keçiriləcək dünya çempionatı Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi baxımından növbəti mühüm hadisələrdən biri olacaq.

SC Media