Bakıda ilk dəfə IRONMAN 70.3 beynəlxalq triatlon yarışı keçiriləcək
5 sentyabr 2026-cı il tarixində Bakıda ilk dəfə IRONMAN 70.3 beynəlxalq triatlon yarışı keçiriləcək. Möhtəşəm idman tədbirində dünyanın 62 ölkəsindən 1500-dən çox idmançının iştirakı gözlənilir.
Yarış iştirakçıları üç mərhələdən keçəcəklər. İdmançılar əvvəlcə Xəzər dənizində 1,9 kilometr üzəcək, daha sonra 90 kilometr velosiped sürəcək, sonda isə 21,1 kilometr məsafəyə qaçacaqlar.
Yarış marşrutu Bakının müxtəlif ərazilərini əhatə edəcək, finiş isə Bakı Bulvarında olacaq.
IRONMAN 70.3 yarışının Azərbaycanda ilk dəfə keçirilməsi ölkənin idman həyatında mühüm hadisələrdən biri hesab olunur. Tədbirin təşkilində Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti iştirak edir.
Yarışla əlaqədar 4 və 5 sentyabr tarixlərində Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Sürücülərə əvvəlcədən alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.