Ağdərə rayonunda hidroenergetika sahəsində yeni layihələr həyata keçirilir. Tərtərçayın üzərində 8,2 MVt gücündə “Çardaqlı-1” və 6,8 MVt gücündə “Çardaqlı-2” su elektrik stansiyalarının tikintisi aparılır.
Layihə çərçivəsində mürəkkəb dağlıq ərazidə ümumi uzunluğu 11,4 kilometr olan derivasiya boru xətləri çəkilir. Hər iki stansiya üçün suqəbuledici qurğular və maşın zalları da inşa edilir.
Eyni zamanda, 10,4 MVt gücündə “Həsənriz” SES-in yenidən qurulması davam etdirilir. Burada yerləşən yarımstansiya da müasir rəqəmsal texnologiyaların tətbiqi ilə tamamilə yenilənir.
Bundan əlavə, 2026-cı ilin yanvar ayında Ağdərə rayonunda 14,7 MVt gücündə yeni “Qozlukörpü” SES istifadəyə verilib.
Bu layihələrin həyata keçirilməsi bərpaolunan enerji istehsalının artırılmasına və regionun enerji infrastrukturunun gücləndirilməsinə xidmət edir.