UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ” - “Dinamo” (Kiyev, Ukrayna) oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“İlk növbədə yaxşı oyun və gözəl qalibiyyət münasibətilə “Sabah” klubunu təbrik edirəm. Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək böyük nailiyyətdir. Həmin raundda da onlara uğurlar arzulayıram. O ki qaldı bizə, cavab oyununa yaxşı hazırlaşmaq üçün bir neçə gün vaxtımız oldu. Bundan səmərəli istifadə etdik. Ümumi hesabda geridə olsaq da, baxımlı oyunla yaxşı nəticə qazanmağa çalışacağıq. İnanıram ki, futbolçular sona kimi matça tam köklənə biləcəklər. Qarşımızda yaxşı müdafiə olunan rəqib var. Buna rəğmən futbolçularımızın uğurlu nəticə üçün ən yaxşısını edəcəklərinə inanıram”.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Material “Qarabağ” FK-nın rəsmi saytında dərc olunan məlumat əsasında hazırlanıb.